Advertisement

“İrşad” 2023-cü ildə dövlət büdcəsinə 86.5 milyon manat vergi ödəyib – 48% artıb

Bakı. Trend:

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası
satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri
“İrşad” ötən ilin nəticələrinə görə 2023-cü ildə də bu sektorda öz
mövqeyini qoruyub saxlayıb.

2023-cü ildə “İrşad”ın əldə etdiyi iqtisadi gəlirlər fonunda
dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər
davam etdirilib.

2023-cü ildə “İrşad” tərəfindən dövlət büdcəsinə ödənilən əlavə
dəyər vergisi (ƏDV) 43% artaraq 54 milyon 256.6 min manata, idxal
rüsumu 65.5% artaraq 25 milyon 620,6 min manata, əmlak vergisi isə
20.6% artaraq 820 min manata yüksəlib. Şirkət təkcə ötən il dövlət
büdcəsinə 86 milyon 524,6 min manat vergi ödəyib.

Bundan əlavə, “İrşad”ın 2023-cü ildə Məcburi Dövlət Sosial
Sığorta ödəmələri (DSMF) 38% artaraq 3 milyon 705 min manat, sosial
sığorta və işsizlikdən sığorta ödəmələri 38% artaraq 148 min 191
manat, icbari tibbi sığorta ödəmələri isə 45% artaraq 624 min 146
manat təşkil edib.

Ümumilikdə, “İrşad Electronics” MMC-nin 2023-cü ildə dövlət
büdcəsinə, vergi və sosial müdafiə ödəmələri 2022-ci illə
müqayisədə 48% çoxdur.

Şirkətin ötən il işçi sayı 250 nəfər artaraq 1108 nəfərə çatıb,
bu da ölkənin məşğulluq bazarında böyük rolu olmasından xəbər
verir.

“İrşad” fəaliyyəti dövründə filial şəbəkəsini də artırıb. Belə
ki, Bakıda 23, bölgələrdə 24 mağazası və 3 texniki servis məntəqəsi
ilə müştərilərinə xidmət göstərib. Ötən il işğaldan azad olunmuş
ərazilərdə ilk elektronika mağazasını açan şirkət “Füzuli”
mağazasına işçi yığımını davam edir.

“İrşad” müştərilərə daha əlçatan olmaq üçün mobil tətbiqi
vasitəsilə də bir çox xidmətlər göstərib. Şirkətin “Bonus”
xidmətindən minlərlə müştəri yararlanıb.