
Bakı. Trend:
8 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadi
Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən
iclasın gündəliyində makroiqtisadi və maliyyə sabitliyi sahəsində
cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin
əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd
təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi,
torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyəti,
2024-2030-cu illər üzrə çağırışlar və hədəflər, islam maliyyəsi
(bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləşdirilməsi
Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz
Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə
olunub.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı
naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin
Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin
məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri
nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul
olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.



























