
Bakı. Trend:
2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı
10.3 faiz artaraq, 3.2 milyard kubmetr olub. Avropa ilə yanaşı,
Türkiyəyə 2.3, Gürcüstana isə 0.9 milyard kubmetr qaz ötürən
Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6.4 milyard kubmetr
olub.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanda 12.6 milyard kubmetr qaz hasil
olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard
kubmetr çoxdur.
“Bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları
istismara veriləndən 1 aprel 2024-cü il tarixinədək
“Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə
216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz”
yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql
edilib.
Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun
enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir.
Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında
ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və
Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir.
Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox
ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir”, – deyə o
bildirib.



























