Advertisement

İranın Astara sərhəd terminalı üzərindən tranzit artıb

Bakı. Trend:

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın şimalında
yerləşən Gilan vilayətinin Astara sərhəd terminalı üzərindən məhsul
tranziti öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə 29%
artıb.

Trend-in məlumatına görə, bunu İranın Astara sərhəd terminalının
müdiri Murtaza Əzimi deyib.

M.Əziminin sözlərinə görə, ötən İran ilində Astara sərhəd
terminalı üzərindən təxminən 2,3 milyon ton məhsul tranzit olunub.
Məhsullar 135 mindən çox yük maşını ilə tranzit edilib.

Əzimi əlavə edib ki, öncəki ildə Astara sərhəd terminalı
üzərindən təxminən 1,76 milyon ton məhsul 120 mindən çox yük maşını
ilə tranzit olunub.

Terminal rəsmisi bildirib ki, ötən il Astara sərhəd terminalı
üzərindən əsasən un, buğda və kartof tranzit olunub.

Onun sözlərinə görə, ötən il İranın Astara terminalı vasitəsi
ilə 1,2 milyon ton məhsul ixrac olunub. İxrac edilən məhsullar,
əsasən, meyvə və tərəvəz, keramika, müxtəlif növ dənli bitkilər və
sairə olub.

“Astarada yeni sərhəd terminalının istifadəyə verilməsi
tranzitin artması ilə nəticələnib. Üstəlik, yeni sərhəd terminalı
Astara şəhərində avtomobil sıxlığı məsələsini böyük ölçüdə həll
edib”, – deyə o qeyd edib.

Qeyd edək ki, 30 dekabr 2023-də Azərbaycan və İran arasında
Astaraçay üzərində yeni avtomobil körpüsü istifadəyə verilib. Yeni
körpünün tikintisinə 5,8 milyon avro vəsaitin xərcləndiyi
bildirilir. Azərbaycan və İran arasında Astaraçay üzərində yeni
körpünün təməli 25 yanvar 2022-ci ildə qoyulub. Körpü 3 aşırımlı
olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metrdir.

Xatırladaq ki, ötən İran ilində İran üzərindən məhsul tranziti
17,8 milyon ton təşkil edib. İran üzərindən məhsul tranziti öncəki
illə müqayisədə 36,5% artıb.