
Bakı. Trend:
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nəzdində fəaliyyət
göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyənin Kapadokya
Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.
Sənədi MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov və
Kapadokya Universitetinin layihə üzrə məsul rəhbəri, dosent Halil
İbrahim Ünser imzalayıblar.
Əməkdaşlıq çərçivəsində Kapadokya Universiteti beynəlxalq
standartlara uyğun olaraq AZAL üçün təyyarələrin texniki istismarı
üzrə A kateqoriyalı mütəxəssislərin hazırlanmasını həyata
keçirəcək. Tərəflər arasında bağlanmış memorandumun əsas
məqsədlərindən biri aviasiya sahəsində ölkənin kadr potensialının
gücləndirilməsinə töhfə verməkdir.
Kapadokya Universiteti texniki xidmət üzrə təlim təşkilatı
qismində təlimlərin keçirilməsi və imtahanların təşkili, həmçinin
müvafiq tanınma sertifikatlarının verilməsi üçün Dövlət Mülki
Aviasiya Agentliyi tərəfindən müvafiq təsdiq sertifikatı əldə
edib.
AZAL-ın Milli Aviasiya Akademiyası Azərbaycanın strateji
əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı
və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksək
ixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir.



























