
Bakı. Trend:
Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq
Abdullayevin İdman.bizə müsahibəsi
– Sərbəst güləş üzrə Azərbaycan millisi Bakıda keçirilən
Avropa Olimpiya Təsnifat Turnirində 5 lisenziya qazandılar.
Yarışdan öncə bunu gözləyirdiniz?
– Bu, rəhbərlik tərəfindən irəli sürülən bir tapşırıq idi.
Güləşçilərimiz artıq bir çox yarışlarda iştirak etmişdilər. Onların
hər biri lisenziya almağa layiq idilər. Əliabbas Rzazadə (57 kq)
Avropa çempionatında uduzduğu şimali makedoniyalı Vladimir Yeqorova
yarımfinalda qalib gəldi. Hacı Əliyev (65 kq), Turan Bayramov (74
kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvilinin (125 kq)
də rəqibləri heç də asan deyildi. Amma güləşçilərimiz sona kimi
mübarizə aparıb, turniri yaxşı nəticə ilə başa vurdu.
– Onda turnirdən öncə də inamınız tam
olub…
– Onların potensialı var idi. Məşqçilər korpusunun hər zaman
onlarda aşıladıqları və rəhbərlik tərəfindən onlara göstərilən,
diqqət, qayğının nəticəsi olaraq belə bir qələbə qazanıldı.
Komandanın qidalanmadan tutmuş, təlim-məşq toplanışlarına qədər hər
şey yüksək səviyyədə keçirilib. Bütün bunlara görə də onların
hamısına inanırdıq. Çünki güləşçilərimizin hər biri bu lisenziyanı
təmin etmək iqtidarında idilər. Nəticə gözləyirdik, amma bu qədər
lisenziya güman etmirdim. Çünki idmançı zədələnə və xəstələnə
bilər.
– Qazanılan 5 lisenziyadan hansını daha çox
fərqləndirərdiniz?
– Həmin 5 güləşçimizdən 3-ü – Əliabbas Rzazadə, Turan Bayramov
və Osman Nurmaqomedov gəncdir. Hacı Əliyev isə liderimizdir. Ondan
da daim gözləntilərimiz olub. Hacı hər zaman xalça üzərinə çıxanda
tanınmış və güclü güləşçilərlə mübarizə aparıb. Onun idman tarixi
çox zəngindir. Əliyevdən lisenziya gözləyirdik. Düzdür, yaş amili
də var. Həmçinin, Hacının bu turnirə çıxarkən zədələri var idi. Bu
zədəni də bərpa etmək çətindir. Hacı özü də qeyd etdi ki, istədiyi
kimi güləşə bilməyib. Ümid edirəm ki, Əliyev Olimpiya Oyunlarına
zədəsiz hazırlaşar.
– Paris-2024 Yay Olimpiya Oyunlarında komandadan
gözləntiniz nədir?
– Proqnoz vermək çətindir. İdmansevərlər kimi mən də hamısından
qızıl medal gözləyirəm. Çünki hamı Olimpiya Oyunlarına baş mükafat
üçün çıxır. Amma nəzərə alaq ki, Olimpiada sürprizlərlə doludur.
Burada sensasiyalar çox olur. Məsələn, Mariya Stadnik Tokio-2020-də
görüşün bitməsinə 3 saniyə qalmış qızıl medalı əldən verdi. Demək
olar ki, elə Bakıda lisenziya turnirində də eynisi yaşandı. Bütün
bunlar o deməkdir ki, Olimpiada ilə bağlı proqnoz vermək asan
deyil.
– Sizi baş məşqçi postunda Xetaq Qazyumov əvəzlədi.
Sizcə, bu təyinatdan sonra komandada nə dəyişdi?
– Yığmada eyni güləşçilərdir. Bunu Xetaqın özü də bilir. Onlar
hazırda fiziki baxımdan xarici mütəxəssislərlə işləyirlər. Bir il
böyük müddət deyil. Xetaq zamanında Azərbaycanın idman tarixinə
müəyyən töhfə vermiş idmançıdır. Amma yeni məşqçiyə də zaman lazım
olur. O da uzun illər Osetiyanın milli komandasını çalışdırıb. Çox
təcrübəli və yaxşı mütəxəssisdir. Dəyişiklərlə bağlı onun özü
açıqlama verməli idi. Amerikalı mütəxəssis Mark Alan Filipp də
güləşçilərimizlə daim işləyir. Bir zamanlar o, gəlib getsə də, indi
mütəmadi şəkildə komanda ilə çalışır. Bunun özü də bir
dəyişiklikdir, yığmanın çıxışına və fiziki hazırlığına təsir
edəcək. Həm sürət, həm də fiziki baxımdan idmançılarımızın yaxşı
mənada irəli getməsini istəyirik.
– Avropa Olimpiya Təsnifat Turnirində yunan-Roma və
qadın güləşçilərimiz lisenziya qazana bilmədilər. Bunu nə ilə
əlaqələndirərdiniz?
– Onlara da lazımı şərait yaradılıb. Serbiyada keçirilən
lisenziya xarakterli dünya çempionatında Həsrət Cəfərov (67 kq),
Sənan Süleymanov (77 kq) Paris-2024-ə vəsiqə qazanıb. Bu turnirdə
də güləşçilərimizə böyük ümidlərimiz var idi. İnanırdıq ki, ev
sahibliyi etdiyimiz yarışda lisenziyalarımızın sayı artacaq. Amma
bu, son deyil. Əminəm ki, mayın 9-12-də İstanbulda keçiriləcək
Dünya Olimpiya Təsnifat Turnirində öz güclərini göstərəcəklər.
Mariya Stadnik də inanıram ki, vəsiqəni təmin edəcək.
– Sərbəst güləşçilərimiz Fransa paytaxtına tam heyətlə
yollanacaq. Bəs yunan-Roma və qadın güləşi komandalarımızı da
nəzərə alsaq, Paris-2024-ə neçə lisenziya
planlaşdırılır?
– Artıq 8 lisenziyamız var. İstərdim ki, yunan-Roma və
qadınlardan ibarət yığmamız da hər çəkidə lisenziyanı təmin
etsinlər. Onlardan da sərbəst güləşdə olduğu kimi, tam heyətlə
lisenziya gözləyirəm. İnanıram ki, müəyyən boşluqlar tezliklə
aradan qaldırılacaq.





























