Advertisement

Mikayıl Cabbarov Rusiyaya işgüzar səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya
Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında iqtisadi
əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Rusiyaya işgüzar səfəri
çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət
naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov,
Mərkəzi Bankın sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra
şirkət və kommersiya qurumlarının rəhbərləri ilə görüşlər
keçirib.

Görüşlərdə Azərbaycan və Rusiyanın əlaqələrin inkişafına verdiyi
böyük önəm sayəsində iqtisadi əməkdaşlığın genişləndiyi vurğulanıb.
Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir.
Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf gündəliyindəki
məsələlərin müzakirə edildiyi görüşlərdə ticarət, nəqliyyat,
sənaye, o cümlədən maşınqayırma, gəmiqayırma, əczaçılıq,
innovasiyalar, süni intellekt əsaslı həllərin tətbiqi, maliyyə və
digər sahələrdə dinamikanın artırılması üçün perspektivlər qeyd
olunub.

Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində
görülən işlər, sənaye zonalarında sahibkarlara təqdim edilən güzəşt
və stimullar, birgə layihələrin reallaşdırılması imkanları barədə
məlumat verilib. Görüşlərdə əməkdaşlığı təşviq edən mexanizmlərin
təkmilləşdirilməsi, ikitərəfli maliyyə gündəliyi və qarşılıqlı
maraq doğuran digər məsələlər nəzərdən keçirilib.