Bakı. Trend:
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa
birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.
Trend İdman.biz-ə xəbər
verir ki, Azərbaycan millisinin 2 idmançısı döyüşünü qələbə ilə
başa vuraraq yarımfinala yüksəlib.
48 kq-da Bilalhəbaşi Nəzərov irlandiyalı Skott Tompsonla
qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O,
rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub
edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə
üz-üzə gələcək.
Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb.
Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan boksçumuz 4:3 hesabı
ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu
(Bolqarıstan) sınağa çəkəcək.
Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc
medalı da təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də
olacaq.




























