
Bakı. Trend:
Azərbaycanın basketbolun 3×3 növü üzrə qadın yığması tarixi
uğura imza atıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, komandamız Honkonqda təşkil olunan
Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına
lisenziya qazanıb.
Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B
qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer,
Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən
yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.
Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib.
Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə
vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni
rəsmiləşdirib.
Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də
komanda idman növündə ilk dəfə təmsil olunacaq.
Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12
hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.
Basketbol 3×3
Olimpiya Təsnifat Turniri
Yarımfinal
Macarıstan – Azərbaycan – 19:21
Niderland – Polşa – 12:20
Final
Azərbaycan – Polşa – 18:17 (OT)





























