Advertisement

Azərbacanda dollar bahalaşa bilər? – Trend.Az

Bakı. Trend:

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro
dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq
üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi
regional münaqişələr fonunda investorların Amerika puluna daha çox
sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlama ilə
bağlıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.

O qeyd edib ki, bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min
əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapozonu, 2
faizə yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də
güclənməsi müşahidə olunmaqdadır.

“Azərbacanda da dollar bahalaşa bilərmi? Manatın dollar nisbətən
məzənnəsi Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas
istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə
balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı
olacaq.

Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi
və tələbi, eləcə də, iqtisadi subyektlərin məzənnə gözləntiləri
valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi
qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji
bazarındakı volatillikdən asılı olacaq.

Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi
enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas
faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat
hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda
müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji
bazarında ciddi volatillik baş verəcəyi halda valyuta
ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də
manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”,
– deyə o bildirib.