Advertisement

Maliyyə bazarlarında informasiya təhlükəsizliyinə dair tələblər təsdiqləndi

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə
bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya
təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”i təsdiq edib.

Trend xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov
yeni qərar imzalayıb.

Əvəzində qurumun “Banklarda informasiya təhlükəsizliyinin idarə
edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 14 iyul 2021-ci il
tarixli qərarı ləğv edilib.

Yeni qərara əsasən, maliyyə qurumları informasiya
təhlükəsizliyinin idarə edilməsi sistemini (İTİS) davamlı
təkmilləşdirməli, bu istiqamətdə informasiya təhlükəsizliyi
siyasəti hazırlanmalıdır. Bu siyasətə azı ildə 1 dəfə ayrıca,
habelə risklərin idarə edilməsi sisteminə baxılarkən yenidən
nəzərdən keçirilir və tələb edildikdə müvafiq dəyişikliklər edilə
bilər. Bundan başqa, İTİS-in davamlılığının, adekvatlığının və
effektivliyinin təmin edilməsi üçün dəyişikliklər edildikdə
informasiya təhlükəsizliyi siyasətinə növbədənkənar qaydada yenidən
baxıla bilər.

Bu Tələblərə uyğunluğun qiymətləndirilməsini kənar auditor I
kateqoriya nəzarət subyektlərində (banklar, sığortaçılar, mərkəzi
depozitar, İcbari Sığorta Bürosu, kredit büroları, elektron pul
təşkilatları və ödəniş sistemlərinin operatorları) ildə 1 dəfədən
az olmayaraq, II və III kateqoriya nəzarət subyektlərində (qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, poçt rabitəsinin
milli operatoru, ödəniş təşkilatları, səhmdar investisiya fondları
və investisiya fondlarının idarəçiləri; kredit ittifaqları istisna
olmaqla, bank olmayan kredit təşkilatları) 2 ildə bir dəfədən az
olmayaraq aparacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə
təqdim edilməsi tapşırılıb.