
Bakı. Trend:
Hüquqi əsaslar olmadan Aqrar Kredit İnkişaf Agentliyinə
faydalanan şəxs kimi sığorta ödənişi edilib.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət
auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində
qeyd edilib.
“Hər hansı hüquqi (rəsmi) əsaslar (o cümlədən, ikitərəfli
qaydada təsdiqlənməklə hüquqi qüvvəyə malik sənəd (müqavilə və ya
şəhadətnamə)) mövcud olmadığı halda Aqrar Sığorta Fondu tərəfindən
dövlət orqanı olan Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sığorta
hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanınmaqla
“sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan
müvafiq (yəni, dövlət büdcəsinin gəlir və xərclərində iştirak
etməyən) xəzinə hesabına 676,7 min manat məbləğində vəsaitin
köçürülməsinə yol verilmişdir ki, bu da 50,0%-i dövlət büdcəsindən
maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə
resurslarının istifadə təyinatının pozulması deməkdir.
Qeyd etmək lazımdır ki, həmin vəsaitin köçürülməsi əməliyyatları
çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə
(mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs
kimi tanınmamış (tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı
səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu
registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks
etdirilib”, – deyə nömrədə qeyd olunub.



























