Advertisement

Bakıda ən bahalı və ən ucuz torpaq sahələri haradadır?

Bakı. Trend:

Bu ilin fevral ayından bu günə qədər sənədli torpaqların qiyməti
10% bahalaşıb.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil
Osmanlı deyib.

O bildirib ki, qiymətlərin bahalaşması tikinti mövsümü ilə
əlaqədardır:

“Fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlar, əsasən,
Masazır, Xırdalan, Ceyranbatan, Ramana, Əmircan, Mərdəkan, Şüvəlan,
Pirşağı, Zaqulbada torpaq almağa üstünlük verirlər. Ümumi götürsək,
paytaxtın qəsəbələrindən və kəndlərindən asılı olaraq qiymətlərdə
nisbi dəyişikliklər ola bilir”.

Ekspert əlavə edib ki, Mərdəkan qəsəbəsinin ucqar yerlərində bir
sot torpağın qiyməti 10 min manatdan 30 min manata qədər
dəyişir.

“Bilgəhdə isə elə ərazilər var ki, bir sot torpağın qiyməti 50
min manatdır. Pirşağı, Zaqulbada, Novxanıda isə bir sotun qiyməti
7-15 min manat arasında dəyişir. Digər ərazilərdə də bir sotun
qiyməti 5 min manatdan başlayır. Bu qiymətlər sənədli torpaqlara
aiddir. Ən ucuz torpaq sahələri Türkan qəsəbəsindədir. Burada
torpağın bir sotunun qiyməti 3-5 min aralığında dəyişir.

Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa
çıxarılır. Ərazidən asılı olaraq bir sotun qiyməti 100-500 min
manat aralığında dəyişir. Bu qiymətlər açıq satışda olan ərazilərə
aiddir. Ən bahalı torpaq sahələri Səbail və Nəsimi rayonunun
mərkəzə yaxın olan ərazilərindədir”, – deyə o qeyd edib.