Advertisement

“Qarabağ”dan onu gözləmirdim – Azər Bağırov

Bakı. Trend:

Oyun çox sürpriz başladı. İlk dəqiqədə qol “Araz-Naxçıvan”ı
sındırdı.

Trend istinadən xəbər verir
ki, bunu İdman.biz-ə “Araz-Naxçıvan”nın sabiq baş məşqçisi Azər
Bağırov deyib.

39 yaşlı çalışdırıcı Elmar Baxşıyevin bölgə təmsilçisində ilk
sınağını dəyərləndirib. O, “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdə
Naxçıvan təmsilçinin şansları olduğunu bildirib:

“Matçın gedişatında “Araz-Naxçıvan” özünə gəldi. Görüşün
gedişində rəqibi öz cərimə meydançasına da oturtdular. Komandanı
tanıdığımdan rahat deyə bilirəm ki, hesaba baxmayaraq, futbol
oynayırdılar. Matçda geridönüş oldu, amma “Neftçi” strategiyasını
dəyişib, əks-hücumdan oynamağa başladı. Naxçıvanlıların şansları
oldu. Epizodlardan istifadə edə bilsəydilər, nəticə də fərqli ola
bilərdi”.

Bağırov “Qarabağ”ın “Sabah”a 2:3 hesablı məğlubiyyətini də şəhr
edib:

“Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirdiyi üçün
sanki tam gücünü ortaya qoya bilmir. Bəzən elə vəziyyətlər olur ki,
futbolçular artıq “doymuş” kimi hiss olunurlar. Bunu daha çox
Abdulla Zubirdə görmək mümkündür. Matç azarkeşlər üçün çox maraqlı
keçdi. Bol qollu oldu, intensivlik var idi. “Qarabağ”ın uduzmağını
gözləmirdim. Ən azı heç-heçə olacağını düşünürdüm”.

Onun sözlərinə görə, turun ən maraqlı matçlarından biri “Qəbələ”
– “Turan Tovuz” (1:2) qarşılaşması olub. Bağırov bildirib ki,
Kaxaber Tsxadadzenin komandasının məğlubiyyətinə əsas səbəb mərkəz
xəttidir:

“Turan-Tovuz”un geridönüşü maraqlı alındı. Tovuzluların qolları
zamanı qapıçı səhvi olduğunu bildirirlər. Amma mən elə
fikirləşmirəm. Kristofe Atanqana bir çox epizodlarda komandanı
xilas etdi. Meydannın mərkəzi, “6” və “8” nömrə mövqeləri
“Qəbələ”nin uduzmağına əsas səbəb oldu. Bu mövqelər zəif idi və
müdafiə planında çox axsayırdı”.

Qeyd edək ki, 30 turdan sonra 72 xalla “Qarabağ” liderdir. 47
xalla “Neftçi” 2-ci, ondan 1 xal geri qalan “Zirə” 3-cüdür.