Advertisement

Yeni qaydalarda müəyyən edilən tələblər fiziki ödəniş kartlarından imtina edilməsi üçün mühüm addımdır – Tamerlan Rüstəmov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair
Qayda”da qeyd olunan tələblər Azərbaycanda fiziki ödəniş
kartlarından imtina edilməsi üçün mühüm addımdır.

Bu barədə Trend-ə özəl müsahibəsində Bank of Baku ASC-nin Ödəniş
sistemləri departamentinin direktor müavini, Azərbaycan Banklar
Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə
Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov deyib.

“İlk növbədə qeyd edilməlidir ki, bu qayda “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit
təşkilatları haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri
haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin tətbiqi
məqsədilə qəbul olunub. Rəqəmsal ödəniş ekosistemində bir sıra yeni
yanaşmaları təyin edən bu qaydada ilk dəfə olaraq ödəniş alətləri
olan kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və elektron
pul üzrə tələblər müəyyən edilib”, – T.Rüstəmov deyib.

Onun sözlərinə görə, bank olmayan kredit təşkilatları tərəfindən
kredit kartlarının emissiyası da bu qaydanın tələblərinə uyğun
həyata keçiriləcək.

“Bu əsasda bank olmayan kredit təşkilatları tərəfindən ödəniş
hesabları Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və
bağlanması Qaydası”na uyğun olaraq təmin ediləcək”, – T.Rüstəmov
deyib.

O qeyd edib ki, qaydada ənənəvi “ödəniş tapşırığı” anlayışı
“kredit köçürməsi” ilə əvəz olunub, kiçikhəcmli ödəniş alətlərinə
dair tələblər müəyyən edilib. Həmçinin, ödəniş sərəncamının,
ayrılıqda inkasso sərəncamları, vergi və gömrük orqanlarının
sərəncamlarının icrasına dair ümumi çərçivə tələbləri qorunub
saxlanılıb.

“Qaydada ödəniş xidməti istifadəçisi olan ödəyiciyə ödəniş kartı
ilə ödəniş əməliyyatının aparılmasına imkan verən ödəniş aləti, o
cümlədən, kart, ödəniş tətbiqi yüklənmiş mobil cihaz (telefon və ya
digər avadanlıq) kart əsaslı ödəniş aləti olaraq müəyyən edilib. Bu
isə ödəniş tətbiqi yüklənmiş mobil cihaz vasitəsilə ödəniş
əməliyyatlarının icrası zamanı kart əsaslı ödəniş alətlərinə dair
tələblərin tətbiqi deməkdir. Bu qaydanın qüvvəyə minməsi ilə
“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul
köçürmələri haqqında Təlimat” və “Ödəniş kartlarının emissiyası və
istifadə Qaydaları” qüvvədən düşür”, – deyə T.Rüstəmov
bildirib.

Onun sözlərinə görə, ödəniş kartları ilə aparılan əməliyyatlarda
məlumat təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ olaraq
“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda da müəyyən
edilib. Yeni Qaydada bu tələbin əhatə dairəsi daha da
genişləndirilərək, bütün ödəniş alətlərinə şamil edilib.

“Belə ki, Qaydanın 3.17-ci maddəsinə əsasən – ölkə daxilində
aparılmış ödəniş əməliyyatları haqqında məlumatların ötürülməsi,
toplanması, emalı və klirinqi, həmçinin, ödəniş alətinin
emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkə
daxilində həyata keçirilir”.

Əvvəlki redaksiyada bu tələb ödəniş kartları ilə aparılan
əməliyyatlar üzrə ancaq xidmət mərkəzlərinə şamil edilirdi. Hazırda
isə, hər hansı bir subyekt, o cümlədən, ödəniş xidməti
təchizatçısı, ödəniş sistemi operatoru arasında fərq qoyulmadan hər
biri əhatə edilib”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, ölkəmizdə GooglePay, ApplePay kimi
innovativ ödəniş həll və texnologiyalarının tətbiqinin daha da
genişləndirilməsi ilə əlaqədar olaraq istisna tələbi bu Qaydada da
qorunub saxlanılıb.

“Qaydanın 3.18-ci maddəsinə əsasən – ödəniş xidməti
təchizatçıları və ödəniş sistemi operatorları ilə ölkə xaricində
fəaliyyət göstərən ödəniş sistemi operatorları arasında ölkə
daxilində aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi
aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə
olmadan həyata keçirilməsi mümkün olmasın”, – o deyib.

T.Rüstəmov bildirib ki, Qaydaya əsasən elektron pul yalnız iki
formada eyniləşmiş və ya eyniləşməmiş formada emissiya edilə bilər.
Eyniləşdirilməsi tələb edilməyən elektron pula dair tələblər, yəni
maksimum məbləği və istifadə şərtləri kiçik həcmli ödəniş alətləri
ilə eynidir.

“Kiçik həcmli və eyniləşdirilməsi tələb olunmayan ödəniş aləti
üzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının həcmi 300 (üç
yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan, bu
alətdə saxlanılan pul vəsaitinin həcmi də 300 (üç yüz) manatdan və
ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.
İstifadəçisi yalnız fiziki şəxs olan bu ödəniş aləti ilə yalnız
ölkədaxili ödəniş əməliyyatları aparılır. Bu ödəniş aləti ilə pul
köçürmələri və və pul vəsaitinin nağd qaydada məxarici
əməliyyatlarının aparılmasına icazə verilmir. Elektron pul milli və
xarici valyutada emissiya edilə bilər.

Ödəniş xidməti təchizatçıları tərəfindən emissiya edilən
elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələb isə
Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bu tələb hər bir ödəniş
xidməti təchizatçısına münasibətdə fərdi qaydada müəyyən edilə
bilər”, – deyə ekspert əlavə edib.

Departament direktorunun müavini elektron pulun əmanət hesab
edilmədiyini qeyd edib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun
13.1.2-ci maddəsinə əsasən elektron pul sahibi olmaq istəyən şəxsə
elektron pulun emissiyasından əvvəl elektron pulun emissiyası və
elektron puldan istifadə qaydaları ilə bağlı məlumat verilərkən
elektron pulun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan
Respublikası Qanununa əsasən əmanət hesab edilmədiyi,
sığortalanmadığı, habelə həmin vəsaitlərə faiz və ya digər formada
gəlir ödənilmədiyi bildirilməlidir”, – o deyib.

T.Rüstəmov vurğulayıb ki, ölkəmizdə ilk dəfə olaraq ödəniş
kartları bazarında rəqabət mühitinin daha da gücləndirilməsi,
intereçync xidmət haqlarının və cashback layihələrinin həyata
keçirilməsində baş verə biləcək mənfi halların aradan qaldırılması
məqsədilə “MCC code” adı ilə tanınan təsərrüfat subyektlərinin
ticarət kodlarının tənzimlənməsi təmin edilib.

“Tələbə əsasən ekvayer kart əsaslı ödəniş əməliyyatı zamanı
təsərrüfat subyektinin fəaliyyət sahəsinə uyğun olaraq təsərrüfat
subyektinin ticarət kodunu (MCC kodunu) təyin etməlidir. Habelə,
ekvayer kart əsaslı eyni ödəniş əməliyyatının avtorizasiyası və
klirinqi üzrə təsərrüfat subyektinin ticarət kodunu dəyişmədən
təqdim etməlidir. Belə ki, bu kodların dəyişdirilərək klirinq üzrə
sonradan fərqli formada təqdim edilməsi interçeync xidmət
haqlarının hesablanmasına və emitentin gəlirliliyinə birbaşa mənfi
təsir göstərir”, – o deyib.

Ekspertin sözlərinə görə, digər bir yeniliyə əsasən ödəniş
kartının üzərində rekvizitlərinin əks olunması artıq məcburi
xarakter daşımır.

“Lakin emitent bu məlumatları, yəni emintetin adı, ödəniş
kartının nömrəis, qüvvədə olma müddəti, müraciətləri günün 24
(iyirmi dörd) saatı müddətində qəbul edən emitentin və ya emitentin
xidmət olunduğu ödəniş sistemi operatorunun əlaqə vasitələrini kart
istifadəçisi üçün əlçatan etməlidir. Bu tələb ictimaiyyətimizdə
ödəniş kartından fiziki asılılığın aradan qaldırılması və növbəti
mərhələdə fiziki kartlardan tam imtina edilməsi istiqamətində mühüm
bir irəliləyişdir. Bu yanaşma mobil bankçılıq xidmətinin inkişaf
etdirilməsinə əlavə dəstək göstərəcəkdir. Qaydadan, korporativ
kartlara dair məhdudlaşdırıcı xarakterli tələblər çıxarılıb. Hesab
edirəm ki, növbəti strateji dövrdə bu korporativ kartların ödəniş
aləti olaraq istifadəsini daha da genişləndirəcəkdir”, – o
deyib.

T.Rüstəmov qeyd edib ki, Qaydanın tələbinə əsasən bu ödəniş
aləti ilə həyata keçirilən ödəniş əməliyyatları üzrə pul
vəsaitlərinin uçotu emitent tərəfindən ümumi (konsolidə olunmuş)
hesab üzrə aparıla bilər.

“Emitentlər ödəniş sistemlərində, o cümlədən Ani Ödəniş
Sistemində iştirak məqsədilə eyniləşdirilən əvvəlcədən ödənilmiş
kartların uçotunu ayrıca ödəniş hesabları üzərindən həyata keçirə
bilər. Bu, əvvəlcədən ödənilmiş ödəniş alətinin bağlı olduğu ödəniş
hesabına IBAN tətbiq etməklə ödənişlərin aparılmasına imkan
verəcəkdir. Bu tələbə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar
əvvəlcədən ödənilmiş ödəniş alətləri üzrə əməliyyatlar apara bilər.
Bu ödəniş əməliyyatlarının uçotu isə ümumi (konsolidə olunmuş)
hesab üzrə deyil, fərdi qaydada aparılmalıdır”, – deyə o son olaraq
bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti
aprelin əvvəlində “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş
alətlərinə dair Qayda”nı təsdiq edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun