Advertisement

Azərbaycanda 74% genişzolaqlı internetə çıxış imkanı yaradılıb

Bakı. Trend:

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-nin
genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik tərəfindən həyata keçirilən “Onlayn
Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində
Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin
genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 2,16
milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu,
ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil
edir.

O da qeyd edilib ki, layihəyə əsasən, cari ilin ilk üç ayı
ərzində Bakı şəhərinin 79 min ev təsərrüfatı və biznes subyektinin
genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə
paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON
texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.
Bu, Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin
86,5%-ni təşkil edir.

Layihə çərçivəsində ölkədə dövlət-özəl tərəfdaşlıq modeli
əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri
nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə genişzolaqlı
şəbəkə qurulacaq.

Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical
Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı
internetlə təmin edilməsi istiqamətində işlər sürətlə davam
etdirilir. Bu texnologiya üzərindən vətəndaşlar istər təkcə
telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”,
“internet + televiziya (ikisi birində)” və “internet + telefoniya +
televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər
abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.

Vurğulanıb ki, sözügedən layihə üzrə görülən işlərin 2024-cü
ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.