Advertisement

Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaq niyyətindədir (ÖZƏL)

Bakı. Trend:

Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaq
niyyətindədir.

Bu barədə Trend-ə “Technohub Dushanbe” layihəsinin rəhbəri
Məhəmməd Rəhimov deyib.

“Texnohab Düşənbə kursların təqdim edilməsi və rəqəmsal
texnologiyalar, proqramlaşdırma və bütünlükdə İT industriyası
sahəsində təlimə yönəlmiş tədris mərkəzidir. Şirkət təkcə yerli
Düşənbə bazarına yönəlməyib, həm də beynəlxalq səviyyədə
tərəfdaşlıq üçün açıqdır. Şirkətin əsas ideyası ondan ibarətdir ki,
biz digərlərini rəqib kimi görmürük, onlarda ümumi işlə məşğul olan
tərəfdaşları görürük”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, onların şirkətini və digərlərini ümumi
məqsəd – İT industriyasının inkişafı hərəkətə keçirir.

“Buraya İT üzrə layihələrin icrası və məhsulların yeni bazarlara
çıxarılması üçün birgə səylər tələb edən konkret istiqamətlərin
inkişafı daxil ola bilər. Biz əməkdaşlıq üçün açığıq və misal üçün,
Azərbaycan bazarında təhsil sahəsində işləyən və ya proqramlaşdırma
və rəqəmsal texnologiyaların tətbiqi sahəsində işləyən İT şirkətlər
mövcuddur.

Təlimin darıxdırıcı və yeknəsəq olmaması, interaktiv elementləri
də özündə əks etdirməsi üçün yeni təlim metodları tətbiq etməyə
çalışırıq. Tələbələrin təkcə mühazirələrdə oturmaması, həm də aktiv
şəkildə məşğul olması üçün əsas vurğunu biliklərin praktik
tətbiqinə yönəldirik. Şirkətimiz regiondan və ya ölkədən asılı
olmayaraq, əməkdaşlığa hazırdır, çünki biz ümumi məqsədlərin əldə
olunması üçün tərəfdaşlığın gücünə və birgə səylərə inanırıq”, –
deyə o əlavə edib.

Qeyd edək ki, Texnohab Düşənbə müxtəlif sahələrdən təlim və yeni
peşəkarların hazırlanması üçün praktikant mütəxəssislərin cəlb
edilməsini hədəfləyən innovasiya mərkəzidir. Missiyası Tacikistan
Respublikasında yüksək ixtisaslaşmış mütəxəssislərin hazırlanması
yolu ilə təcrübəli ekspertlər cəmiyyətinin yaradılması, innovasiya
metodlarının tətbiqi və innovasiya sektorunun inkişafından
ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun