
Bakı. Trend:
İdentifikasiya Fondunun əsas məqsədi investisiyaları müşayiət
edən risklərin minimallaşdırılmasından ibarətdir.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)
İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina
deyib.
“İdentifikasiya fondunun əsas məqsədi Azərbaycanda investisiya
mühitini təşviq etməkdir. Digər sözlə, missiyamız özəl sektora və
biznes mələklərinə investisiyaların həyata keçirilməsində kömək
göstərməkdən ibarətdir. Əsas məqsəd xüsusən uğursuzluq ehtimalı 90
faiz olan startaplar sektorunda investisiyaları müşayiət edən
riskləri minimallaşdırmaqdan ibarətdir.
Hökumət özəl investorların üzləşdiyi riskləri yüngülləşdirmək və
bölüşdürmək üçün qətiyyətli tədbirlər görür. Bu, startapların
başlanğıc inkişaf mərhələsində öz məhsullarını hazırlamaq üçün
əlavə vəsait əldə etməsinə imkan verir. Digər tərəfdən, investorlar
üçün ilk investisiyalarının tərəfdaşları tərəfindən
dəstəkləndiyindən əmin olmaq vacibdir.
Beləliklə, İdentifikasiya Fondu vasitəçi rolunda çıxış edərək,
investisiya yatırmanın erkən mərhələsində həm startaplar, həm də
investorlar üçün dəstək təmin edir. Bu, innovasiyaların inkişafına
və ölkədə investisiyalar üçün əlverişli mühitin yaradılmasına səbəb
olacaq”, – deyə o vurğulayıb.
Y.Bikmurzina bildirib ki, İRİA hazırda fond üçün biznes mələklər
(özəl vençur investorunun) tapmağa çalışır.
“Hazırda iki il ərzində 500 min ABŞ dollarından çox investisiya
qoymağa hazır olan biznes mələklər axtarışındayıq. İRİA birgə
mikrofonda eyni məbləğdə investisiya qoymağa və investisiya qoyulan
startaplarda pay götürməməyə hazırdır. Bu, biznes mələklər üçün
riski diversifikasiya etməyə və investisiyaların sayını artırmağa
imkan verəcək. Bununla belə, investisiyaların yarısı
azərbaycanlıların təsis etdiyi şirkətlərə getməlidir. Qərar qəbulu
Agentliyimizin nümayəndələri və bir neçə fəal biznes mələyindən
ibarət olacaq investisiya komitəsinin köməyilə həyata keçiriləcək”,
– deyə o əlavə edib.
Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr
2021-ci il tarixli fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal
transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya
mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir.
Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları
sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi
şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya
layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və
texnoloji həllərin əldə edilməsində kömək göstərilməsi, ölkədə İKT
sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının
təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil
olunması təşkil edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























