Advertisement

Avropa İnvestisiya Bankı Cənubi Qafqazda rəqəmsallaşma və elektrik enerjisi layihələri maliyyələşdirməyi nəzərdən keçirir- vitse-prezident (ÖZƏL)

Bakı. Trend:

Avropa İnvestisiya Bankının (EIB) şöbəsi olan “EIB Global”
Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz arasında rəqəmsallaşma və
elektrik enerjisi sahələrində əlaqələrin qurulması üzrə layihələrin
maliyyələşdirilməsi məsələsini nəzərdən keçirməyə açıqdır.

Bu barədə Trend-ə özəl müsahibəsində EIB-in vitse-prezidenti
Tereza Çervinska deyib.

“Bankın Aİ hüdudlarından kənardakı əməliyyatlarına cavabdeh
inkişaf üzrə şöbəsi olan “EIB Global” Azərbaycanda aktiv şəkildə
çalışır və Aİ-Azərbaycan əməkdaşlığının prioritetlərinə cavab verən
layihələrin maliyyələşdirilməsi imkanını nəzərdən keçirməyə
hazırdır. Bunlar Aİ-nin “Qlobal qapılar” strategiyasında və Şərq
Tərəfdaşlığının İqtisadi və investisiya planında əks olunub. Bizim
diqqətimiz bu prioritetlərin reallaşdırılmasına cəmlənib”, – deyə o
bildirib.

T.Çervinska EIB-in Azərbaycanda müxtəlif layihələri dəstəkləmək
imkanlarını öyrənmək üçün tərəfdaşlarla mütəmadi əlaqə saxladığını
qeyd edib.

“Asiya İnkişaf Bankının (AİB) Gürcüstanda keçirilən illik
toplantısı zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifovla
görüşdüm. Biz potensial əməkdaşlığı müzakirə etdik. EIB-in
Azərbaycandakı prioritetlərinə iqtisadiyyatın diversifikasiyası,
dövlət xidmətlərinin modernləşdirilməsi və kommersiyalaşdırılması,
rəqəmsallaşma, eləcə də “yaşıl” enerjinin və enerji səmərəliliyinin
təşviqi daxildir”, – deyə EIB vitse-prezidenti əlavə edib.

Qeyd edək ki, EIB Azərbaycanla 2014-cü ildən əməkdaşlıq edir.
Bank “Avropa Qonşuluq Siyasəti”, “Şərq Tərəfdaşlığı” və digər
ikitərəfli sazişlər çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan EIB-in dəstəyi ilə öz iqtisadiyyatını şaxələndirməyə
çalışır. Bu prosesə yəqin ki, bərpa olunan enerji mənbələrinə və
enerji səmərəliliyinə investisiyalar daxil olacaq. Bankın
Azərbaycanda prioritetləri xüsusən kənd ərazilərində
balanslaşdırılmış və dayanıqlı iqtisadi inkişafa köməklik,
bərabərsizliyin azaldılması və enerji mənbələrinin
diversifikasiyasından ibarətdir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)