Advertisement

Azərbaycandakı ixracatçıları və logistika şirkətlərinə dövlət yardım edə bilər – Yeni qayda hazırlanır (ÖZƏL)

Bakı. Trend:

Azərbaycanın İqtisadiyyat və Maliyyə nazirlikləri Azərbaycan
ixracatçıları və logistika şirkətlərinin yeni bazarlara çıxışını
stimullaşdırmaq üçün pilot layihə hazırlayıb.

Bu barədə Trend-a eksklüziv olaraq hökumətdəki mənbə
bildirib.

“İki nazirlik birgə Nazirlər Kabinetinə təklif təqdim edib.
Təklifə əsasən, 5 il ərzində xarici bazarlara malların daşınması
xərclərinin 75 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırıla
bilər. Bu dəyişiklik Azərbaycan istehsalı olan malların Körfəz
ölkələri, Yaponiya, Cənubi Koreya, ABŞ kimi bazarlara çıxışını
təmin edə bilər”, – mənbə qeyd edib.

Onun fikrincə, qismən subsidiya mexanizmi vasitəsilə həm yerli
ixracatçılar, həm də yerli logistika şirkətləri inkişaf edəcək. Bu
təklif Azərbaycanın bütün nəqliyyat və logistika assosiasiyalarında
müzakirə mərhələsindən keçib və böyük həvəslə qarşılanıb.

“Belə bir mexanizmin qəbulu həm də Azərbaycan məhsullarının
ənənəvi bazarlara tədarükünü artıra bilər. Subsidiya yüksək
nəqliyyat xərcləri və malların saxlanması (yüklənməsi) üçün xərclər
olan logistika sahələrində istifadə oluna bilər”, – mənbə qeyd
edib.

Əgər bu təklif hökumət tərəfindən təsdiqlənsə, Azərbaycan
ixracatçıları üçün logistikanın qismən subsidiyalaşdırılması
mexanizmi artıq 2024-cü ildən tətbiq oluna bilər.