Advertisement

Azərbaycan kənd təsərrüfatı sığortasının əhatə dairəsini genişləndirməyi planlaşdırır – Məcnun Məmmədov

Bakı. Trend:

Yaxın gələcəkdə Azərbaycan kənd təsərrüfatı sığortasının əhatə
dairəsini genişləndirməyi və iqlim dəyişikliyinin kənd təsərrüfatı
sektoruna təsirini minimuma endirmək üçün daha innovativ sığorta
məhsullarını tətbiq etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu bu
gün Azərbaycan Beynəlxalq Sığorta Forumu-2024-ün (AIIF-2024) açılış
mərasimində çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov
deyib.

“Kənd təsərrüfatı sığortası sahəsində hədəflərimiz genişdir.
Yaxın gələcəkdə kənd təsərrüfatı sığortasının əhatə dairəsinin
genişləndirilməsi və iqlim dəyişikliyinin kənd təsərrüfatı
sektoruna təsirini minimuma endirmək üçün daha innovativ sığorta
məhsullarının tətbiqi nəzərdə tutulur. Onu da vurğulamaq istərdim
ki, ölkəmizdə tətbiq olunan uğurlu sığorta modeli müxtəlif
dövlətləri maraqlandırır. Buna misal olaraq qardaş Özbəkistanla bu
istiqamətdə əməkdaşlığı göstərmək olar”, o vurğulayıb.

Onun sözlərinə görə, hazırda ölkədə kənd təsərrüfatına yararlı
torpaqların 25 faizi sığortalanıb.

“Sığortalarla bağlı fermerlərə ödənilən kompensasiyanın məbləği
ildən-ilə artır ki, bu da zərərçəkənlərə öz fəaliyyətlərini bərpa
etməyə və kənd təsərrüfatı işlərini fasiləsiz davam etdirməyə imkan
verir”, – o əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

clear