Advertisement

Culian Assanj Britaniyanı tərk edib

Bakı. Trend:

“Wikileaks” portalının təsisçisi Culian Assanj Britaniyanı tərk
edib.

Trend xəbər verir ki, “Wikileaks” portalının “X” sosial media
səhifəsində C.Assanjın Britaniyanı tərk etmə videosu yayılıb.

Bildirilib ki, Assanj Londonun Belmarş həbsxanasında 1901 gün
saxlanıldıqdan sonra, iyunun 24-də səhər saatlarında həbsxananı
tərk edib.

“O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb və eyni gün
saat 17:00 radələrində Stansted hava limanında təyyarəyə minərək
Britaniyanı tərk edib”, – deyə sosial media səhifəsindəki məlumatda
qeyd olunur.

Qeyd edək ki, Culian Assanj və ABŞ hökuməti arasında razılaşma
əldə olunub. Razılaşmaya görə, Culian Assanj casusluq ittihamı üzrə
öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanj Marian
adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki
federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında
çıxış edəcək.

Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə
Assanjın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal
doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.