Bakı. Trend:
Mən uşaqlarıma atalarının azad ediləcəyini deməmişəm. Çünki hələ
hakim ABŞ ilə Assanc arasındakı razılaşmanı imzalamalıdır, buna
görə ehtiyatlı davranırıq.
Trend xəbər verir ki, bu sözləri Culian Assancın həyat yoldaşı
Stella Assanc BBC radiosuna müsahibəsində deyib.
O, ABŞ hökumətinin “Wikileaks” portalının təsisçisi Culian
Assanc ilə razılaşma əldə etməsindən sonra 5 və 7 yaşlı uşaqları
ilə birgə Avstraliyaya uçub. Stella Assanc qeyd edib ki, onlar
iyunun 23-də səhər saatlarında Culianın vətəni Avstraliyaya yola
düşüblər.
“Uşaqlara təyyarə ilə uçmazdan əvvəl onu demişəm ki, onları
böyük bir sürpriz gözləyir. Uşaqlar Avstraliyada olduqları,
qohumlarını gördükləri üçün çox xoşbəxtdirlər”,- deyə o qeyd
edib.
Stella deyib ki, uşaqlar atalarını hər zaman həbsxanada görüb və
görüş çox vaxt bir saatla məhdudlaşıb. “Culianın ayağa qalxaraq
həbsxanadakı mağazadan uşaqlarına şokolad almağa icazəsi belə yox
idi”,- deyə o bildirib.
Jurnalistin gələcək planları ilə bağlı sualını cavablandıran
Stella qeyd edib ki, bu barədə Culianla uzun danışmağa vaxtları
olmayıb. Stella bildirib ki, onların əsas prioritetləri Culianın
əvvəlki səhhətinə qayıtmasıdır. “O, beş ildir ki, çox dəhşətli
vəziyyətdədir. Bizim üçün artıq yeni səhifə açmağın zamanıdır”, –
deyə o vurğulayıb.
Stella ABŞ hökuməti ilə Culian Assanc arasındakı razılaşma
haqqında da danışıb. Bildirib ki, razılaşmaya əsasən Culian
Casusluq Aktı ilə bağlı bir ittiham üzrə öz təqsirini etiraf
edəcək. Daha sonra bu, hakim tərəfindən imzalandıqdan sonra Culian
rəsmi şəkildə azad insan olacaq.
Stella Assan qeyd edib ki, onlar Culian azad olunandan sonra
Avstraliyada yaşamağı düşünürlər. O, sevinc hisslərini də bölüşərək
deyib: “Bu inanılmazdır, baş verənlər sanki real deyil kimi gəlir
mənə”.





























