
Bakı. Trend:
İran İsrailin nüvə mərkəzlərinin yerini müəyyən etdiyini və
qarşı tərəf hücum edəcəyi təqdirdə bu mərkəzləri məhv edəcəyini
bildirib.
Trend xəbər
verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
Nüvə Müdafiəsi və Təhlükəsizlik bölməsinin rəhbəri, general Əhməd
Həqtəlab deyib.
Onun sözlərinə görə, Tehran bütün hədəflər barədə lazımi
məlumata malikdir və İsrailin İrana mümkün hücumu baş verərsə, bu
hədəfləri məhv etmək üçün güclü raketlər buraxmağa hazırdır.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.





























