
Bakı. Trend:
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Trend xəbər
verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
Məlumata görə, sanksiyalar siyahısına 16 fiziki və 2 hüquqi şəxs
daxil olub. Onların İranda pilotsuz uçuş aparatı (PUA) istehsalı
ilə əlaqəli olduğu deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Avropa İttifaqına (Aİ) üzv
ölkələrin dövlət və hökumət başçıları Brüsseldə İrana qarşı
sanksiyaları genişləndirmək barədə razılığa gəlib. Aİ Şurasının
prezidenti Şarl Mişelin sözlərinə görə, sanksiyalar İranın İsrailə
hücumu ilə əlaqədardır.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.





























