Advertisement

İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib

Bakı. Trend:

İran ordusunun generalı Siyavuş Mihandust İsfahanda heç bir
dağıntı və bədbəxt hadisənin olmadığını bildirib.

Trend xəbər
verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Generalın sözlərinə görə, İsfahan vilayətində eşidilən güclü
səslər hava hücumundan müdafiə sistemlərinin işə salınması ilə
bağlı olub.

Qeyd edək ki, İranın hava hücumundan müdafiə qüvvələri İsfahan
səmasında olan üç pilotsuz uçuş aparatını vurub.

Bildirilib ki, pilotsuz uçuş aparatları cümə günü yerli vaxtla
təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib. Bundan sonra
hava hücumundan müdafiə sistemi işə salınıb və “onları göydə məhv
edib”.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.