Advertisement

NATO Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulundan narahatdır

Bakı. Trend:

NATO Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsinin qəbulundan narahat olub.

Trend xəbər
verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi
Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” platformasındakı
hesabında yazıb.

“NATO-ya üzvlük üçün namizəd olaraq, Gürcüstan üçün əsas məsələ
media azadlığını və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək
məqsədilə düzgün çərçivəyə malik olmaqdır”, – o yazıb.

NATO nümayəndəsi sözügedən qanun layihəsinin geriyə doğru bir
addım olduğunu və Gürcüstanın Avro-Atlantik inteqrasiyasını irəli
aparmayacağını əlavə edib.

Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti “Xarici
təsirin şəffaflığı haqqında” qanun layihəsini ilk oxunuşda qəbul
edib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib,
müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk
ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə
qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb
edir.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin
deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun