
Bakı. Trend:
“Sentry Enterprises” şirkəti dünyada inteqrasiya olunmuş
OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartlarını təqdim
edib.
Trend “OLED-Info” portalına istinadən xəbər verir ki, ekran
ödəniş terminalı ilə təmasda olduqda aktivləşir və istifadəçiləri
əməliyyat barədə məlumatlandırır.
“Radiance” adlanan bank kartları terminalla təmasda olduqda bir
saniyəyə aktivləşən OLED-ekranla təmin olunub. Belə bir həll yalnız
istifadəçilər üçün əlavə təhlükəsizliyi təmin etmir, həm də bu
kartları buraxan bank üçün əlverişli reklam rolunu oynayır. Ekran
yerində ödəniş zamanı işıqlanan və qeyri-adi dizaynla
ətrafdakıların diqqətini çəkən bank loqotipinin olması bankın daha
çox tanınmasına imkan yarada bilər.
OLED displeylərə enerji təchizatı kartdakı NFC modulundan daxil
olur. Kart ödəniş terminalına nə qədər yaxın olarsa, quraşdırılmış
ekran daha parlaq yanır. Bu, istifadəçiyə kartın ödəniş etmək üçün
terminaldan lazımi məsafədə olub-olmadığını anlamağa imkan
verir.
Qeyri-adi “Radiance” kartları VISA və MasterCard ödəmə
sistemlərini dəstəkləyir, lakin bu kartları ilk olaraq hansı
bankların tətbiq edəcəyi barədə məlumatlar hələ açıqlanmır.




























