Advertisement

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

Bakı. Trend:

İngiltərənin Uiltşir şəhərində “Henry Aldridge & Son Ltd”in
təşkil etdiyi hərracda 14 karatlı “Waltham” qızıl saatı satılıb.
Bəzək əşyası “Titanik”in göyərtəsindəki ən zəngin adama – IV Con
Ceykob Astora məxsus olub. Ən yüksək qiymət təklif edərək saatı
alan və adının açıqlanmasını istəməyən şəxs ABŞ-dan olan
kolleksiyaçıdır.

Trend xarici mediaya istinadən xəbər verir ki, saat rekord 1,175
milyon funt sterlinqə (1,485 milyon dollar), gözlənilən hərrac
qiymətindən (100-150 min funt sterlinq arası) 10 dəfə baha satılıb.
Hərrac evinin icraçı direktoru Endryu Oldricin qeyd etdiyi kimi, bu
qiymət “Titanik”in xatirə əşyaları arasında yeni dünya rekordunu
müəyyən edib.

IV Con Ceykob Astor – dəyəri 55 milyon funt sterlinq (hazırda
təxminən 7 milyard funt sterlinq) qiyməti olan mehmanxananın sahibi
hamilə həyat yoldaşı Madlenin xilasedici qayığa oturmasına kömək
etdikdən sonra gəmi ilə birgə batıb. Biznesmeni sonuncu dəfə gözəl
geyimdə siqaret çəkərkən gəminin sağ platformasında birinci
dərəcəli digər sərnişin ilə söhbət zamanı görüblər.

Yeddi gündən sonra Astorun meyiti Şimali Atlantikada tapılıb,
onun əynində göy kostyum və qəhvəyi rəngdə flanel köynək olub.
Sonradan onu saata həkk olunmuş və gödəkçəyə tikilmiş “JJA”
inisialına əsasən tanıyıblar.

“Bu saat “Titanik”in xatirə əşyaları arasında nə vaxtsa
qarşılaşdığımız ən maraqlı əşyalardan biridir. Saat çox yaxşı
vəziyyətdə qalıb. İlk sahiblərinin kim olmasını nəzərə alsaq, bu,
heç də təəccüblü deyil. Yəqin ki, saat Vinsent Astorun oğlu üçün
böyük dəyərə malik imiş. O, aksesuarın təmirindən sonra onu növbəti
23 il ərzində istifadə edib. Bu, dünyada ən məşhur gəminin
tarixinin unikal hissəsidir”, – deyə dördüncü nəsil hərracçı,
“Titanik”in xatirə əşyalarının dəyərləndirilməsində dünyada
tanınmış şəxs olan Endryu Oldric izah edir.

Hərraca çıxarılan maraqlı əşyalar arasında skripkanın saxlandığı
çamadan, içərisində “Titanik”in cədvəlinin olduğu cüzdan da yer
alıb. Bu skripka gəminin batdığı məqamda orkestrin rəhbərinin
çaldığı alət idi. Elə həmin hərrac evi vasitəsilə 2013-cü ildə
çamadan 360 min funt sterlinqə, skripka isə 1,1 milyon funt
sterlinqə satılıb. Astorun cib saatının satışınadək o, “Titanik”dən
satılan ən bahalı əşya hesab olunurdu.

Saat “Titanik” batdıqdan sonra Astorun meyiti ilə birgə tapılan
şəxsi əşyalar – taxma düymələr, brilyant üzük, pul və cüzdan
arasında olub. Əşyalar onun oğlu Vinsentə göndərilib. O isə saatı
1935-ci ildə Con Ceykob Astorun icraçı katibi IV Uilyam Dobbinin
kiçik oğlunun xaç suyuna salınma mərasimində hədiyyə edib.

Endryu Oldricin sözlərinə görə, “Titanik”dən xatirə əşyalarının
satışından əldə olunan ümumi vəsait olduqca ağlasığmazdır. Onun
fikrincə, bu, təkcə əşyaların özünün əhəmiyyətini deyil, həm də 112
il bundan əvvəl batan gəminin göyərtəsindəki insanların marağını
xarakterizə edir.