Bakı. Trend:
TikTok canlı yayımların monetizasiyasını tənzimləyən yeni
qaydaları, həmçinin yayımçılara təhlükəsiz və müsbət canlı yayımlar
yaratmağa kömək etmək üçün təhsil resurslarını təqdim edir.
Trend xəbər verir ki, mayın 23-dən etibarən TikTok
platformasında istifadəçi təcrübəsini təkmilləşdirmək üçün yeni
“Canlı Yayımdan Pul qazanma Qaydaları”, həmçinin, əlavə təlim
resursları qüvvəyə minib.
Bu qaydalara əsasən, bəzi hallarda yayımçılar TikTok LIVE
yayımları zamanı, məsələn, onların məzmunu aşağı keyfiyyətli və ya
orijinal deyilsə, mükafat ala bilməyəcək. Bir çox yaradıcılar artıq
bu qaydalara əməl etsə də, TikTok onları pozanları monetizasiya
funksiyalarına girişdə mümkün məhdudiyyətlər barədə xəbərdar etməyə
başlayacaq. Bununla belə, canlı yayımlar da daxil olmaqla,
TikTok-da məqbul məzmun üçün əsas standartlar İcma Təlimatları və
TikTok İstifadəçi Müqaviləsi ilə müəyyən edilməyə davam edəcək.
TikTok həmçinin yeni yayımçıların canlı yayımlara daxil olmasına
imkan vermək üçün yanaşmasını təkmilləşdirir.
Platforma artıq yayımçılara ən ciddi tələblər qoyur:
yaradıcıların yayım edə bilməsi üçün ən azı 18 yaşı olmalıdır və
onların hesabları əlavə meyarlara cavab verməlidir. TikTok-da yeni
yayımçılara platformanın qaydalarını öyrənməyə kifayət qədər vaxt
vermək üçün tədricən monetizasiya xüsusiyyətlərinə çıxış əldə
edəcəklər.
Bu addım yaradıcıların canlı yayımların aparılması qaydalarını
öyrənməyə marağını artırmağa kömək edəcək. Onlara bunu etməkdə
kömək etmək üçün TikTok həmçinin yeni resurs, Canlı Yayım
Təhlükəsizliyi Mərkəzini işə salır, proqramın tətbiqdaxili LIVE
təhsil mərkəzini yeniləyir, burada yaradıcılar qayda pozuntularına,
eləcə də təhsil məzmununa baxa bilərlər.
“Əminik ki, bu yeniləmələr həm yayımçılar, həm də izləyicilər
üçün daha müsbət və təhlükəsiz canlı yayım təcrübəsi təqdim etməyə
kömək edəcək. Yayımçıların böyük əksəriyyəti artıq bizim
təhlükəsizlik və monetizasiya qaydalarına əməl edir və biz
TikTok-da canlı yayımların moderasiyası üçün resurslarımızı,
alətlərimizi və proseslərimizi təkmilləşdirməyə davam edəcəyik”, –
deyə TikTok-dan şərh edilib.
Bu yeniləmələr TikTok-un canlı yayım təhlükəsizliyini
gücləndirmək və məzmun keyfiyyətini qorumaq üçün davamlı
investisiyasının bir hissəsidir. Xüsusi komandalar və canlı
monitorinq modelləri də daxil olmaqla, istifadəçilərin
təhlükəsizliyini təmin etmək üçün bütün dünyada 40 000-dən çox
insan, eləcə də ən innovativ texnologiyalar işə cəlb olunub. TikTok
xüsusi olaraq yayımçılar üçün 10-dan çox təhlükəsizlik aləti,
həmçinin izləyicilərə baxış təcrübələrini fərdiləşdirməyə kömək
edən funksiyalar təklif edir.




























