Advertisement

Astronavtlar kosmosda daha çox baş ağrısına məruz qalır – Yeni tədqiqat

Bakı. Trend:

İnkişaf edən kosmik tibb sahəsində aparılan tədqiqatlar kosmik
missiyalar zamanı mikroqravitasiya mühitinin və digər amillərin
insan orqanizminə təsirini aşkar edir. Yeni bir araşdırmada
astronavtların kosmik fəzada baş ağrısının əvvəllər güman
edildiyindən daha çox olduğunu göstərib.

Trend “Neurology” jurnalında dərc olunan məqaləyə istinadən
xəbər verir ki, tədqiqatda Beynəlxalq Kosmik Stansiyada 26 həftəyə
qədər səyahət edən ABŞ, Avropa və Yaponiya kosmik agentliklərinin
24 astronavtı iştirak edib. Onların ikisi istisna olmaqla, hamısı
kosmosda baş ağrısından əziyyət çəkdiklərini bildirib.

Bəzi baş ağrıları miqrenlərə, digərləri isə gərginliklə bağlı
baş ağrılarına bənzəyir və təkcə orqanizmin mikroqravitasiyaya
uyğunlaşma prosesindən keçdiyi zaman kosmosda ilk bir neçə həftə
ərzində deyil, həm də daha sonra da baş verir.

Araşdırmaya görə, uçuşun erkən dövründə baş verən baş ağrıları
çox vaxt özünü miqren kimi göstərir, daha sonra kosmik səyahətdə
yaşanan gərginliklə bağlı rahatsızlıqlar da meydana çıxır.

Alimlər bildirirlər ki, ilk həftədə orqanizm kosmosa uyğunlaşma
sindromu kimi tanınan cazibə qüvvəsinin çatışmazlığına
uyğunlaşmalıdır. Bu fenomen dayaq-hərəkət orqanlarının xəstəliyinə
bənzəyir, habelə ürəkbulanması, qusma, başgicəllənmə və baş
ağrılarına səbəb ola bilər. Sonrakı baş ağrıları kəllədaxili
təzyiqin artması ilə nəticələnə bilər. Mikroqravitasiya səbəbindən
bədənin və başın yuxarı hissəsində daha çox maye toplanır və
nəticədə kəllə nahiyəsində təzyiq yüksəlir.

Astronavtlar – orta yaş həddi təxminən 47 olan 23 kişi və bir
qadın – Beynəlxalq Kosmik Stansiyada 2011-ci ilin noyabrından
2018-ci ilin iyun ayına qədər həyata keçirilən missiyalarda olublar
və bu müddət ərzində 24 astronavtdan 22-si tərəfindən ümumilikdə
378 baş ağrısı şikayəti alınıb. Amma 24 nəfərdən heç biri Yerə
qayıtdıqdan sonra üç ay ərzində baş ağrısından şikayət etməyib.

Kosmik səyahətin müxtəlif sənədləşdirilmiş təsirlərinə sümük və
əzələ atrofiyası, beyində, ürək-damar və immunitet sistemində
dəyişikliklər, daxili qulaqda balansın pozulması ilə bağlı
problemlər və gözləri əhatə edən sindrom daxildir. Kosmosda daha
çox radiasiyaya məruz qalma nəticəsində yaranan xərçəng riski başqa
bir narahatlıq mənbəyidir.

Mütəxəssislər qeyd edirlər ki, bu təsirlər insanların uzun
müddət ərzində kosmosda qalmasına, məsələn, qonşu planetimiz Marsa
və ya ondan kənara səyahət etməsinə mane ola bilər. Onların
fikrincə, uzunmüddətli kosmik səyahətin insan orqanizminə təsiri
hələ tam məlum deyil, bunun üçün illər tələb olunacaq. Belə ki,
artıq mikroqravitasiyaya məruz qalanların orqanizminə bəzi təsirlər
özünü göstərir və bu vəziyyətdən yeganə çıxış yolu astronavtlar
üçün yeni dərman preparatlarının kəşfidir.