Bakı. Trend:
ABŞ hökumətinin qəbul etdiyi yeni qərara görə, Çinin “ByteDance”
holdinq kompaniyası “TikTok”u satışa çıxarmalıdır, əks halda, bu
tətbiqin Birləşmiş Ştatlarda istifadəsinə qadağa tətbiq ediləcək.
Kompaniya hesab edir ki, bu qərar söz azadlığının pozulmasıdır və
Çin iqtisadiyyatına ziyan vurur.
Trend xarici mediaya istinadən xəbər verir ki, kompaniya
amerikalı istifadəçilərin Çindəki serverdən ayrılmasına 1,5 milyard
dollar xərcləməyə hazırdır, hətta ABŞ-nin “Oracle” şirkətinin
onlara nəzarət etməsinə razı olub.
“ByteDance” holdinq kompaniyası bildirir ki, ABŞ-nin tətbiq
etdiyi qadağa “TikTok”u proqram şifrinin “milyonlarla sətrini” yeni
sahibinə təhvil verməyə məcbur edəcək.
Konqresin də təsdiq etdiyi bu qanun “TikTok”un 2025-ci il
yanvarın 19-dək faktiki bağlanmasına səbəb olacaq və onun 170
milyon amerikalı istifadəçisini səs hüququndan məhrum edəcək. Belə
ki, platforma başqa resurslarda həyata keçirilməsi mümkün olmayan
səviyyədə özünüifadə və ünsiyyət imkanları təqdim edir.
Bundan sonra “TikTok”un iddialarının nə dərəcədə əsaslı olduğunu
və sözügedən qanunun söz azadlığına, habelə ABŞ Konstitusiyasına
uyğunluğu məsələsini məhkəmə həll edəcək.




























