Advertisement

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

Bakı. Trend:

Astronomlar qrupu NASA-nın “James Webb” kosmik teleskopundan
istifadə edərək indiyə qədər kainatın ən uzaq qalaktikalarından
ikisini və ən qədimlərini kəşf etdiyini iddia edir. Maraqlıdır ki,
onlardan biri qeyri-adi dərəcədə parlaq və böyükdür, alimlər
deyirlər.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, Böyük
Partlayışdan cəmi 300 milyon il sonraya aid olan həmin iki
qalaktika JADES-GS-z14-0 və JADES-GS-z14-1 adlandırılıb. Onların
kəşfi, xüsusiyyətləri və təkamülü üç yeni, hələ də nəzərdən
keçirilməmiş məqalələrdə ətraflı təsvir olunub.

Tədqiqatçıların fikrincə, iki qalaktikadan biri – JADES-GS-z14-0
ölçüsü və gözqamaşdırıcı parlaqlığı ilə seçilir. O, həm də Böyük
Partlayışdan cəmi 290 milyon il sonra, kainatın indiki yaşının
yalnız 2 faizini təşkil edən zaman ölçüsündən ən uzaq olanıdır.

Harvard Universitetinin astronomiya professoru və tədqiqatın
müəlliflərindən biri Deniel Eyzenşteyn bununla bağlı açıqlamasında
deyib: “Qalaktikanın ölçüsü aydın şəkildə sübut edir ki, işığın
böyük hissəsi onun mərkəzindəki superkütləli qara dəliyə düşən
materialdan çoxdur və xeyli sayda gənc ulduzlar tərəfindən
yaradılıb”.

Tədqiqatçılar hesab edirlər ki, yeni kəşf qalaktikaların
kainatın ilk illərində nisbətən sürətlə formalaşa bildiyini
göstərir. İtaliyanın “Scuola Normale Superiore Pisa” mərkəzinin
astrofizika professoru Stefano Karniani vurğulayıb: “JADES-GS-z14-0
indi bu fenomenin sübutu amilinə çevrilir. Kainatın cəmi 300 milyon
il ərzində belə bir qalaktika yarada bilməsi heyrətamizdir”.

Astronomlar qrupu kainatın ən erkən illərinə daha dərindən nəzər
salmaq üçün “James Webb” kosmik teleskopundan istifadə etməyə
çalışır. Bu yaxınlarda başqa bir astronomlar qrupu kosmik
teleskopdan istifadə edərək sıx bir hidrogen buludundan doğulan
kiçik qalaktikalar üçlüyünü kəşf edib.

Astronomların tədqiq etdiyi bu proses kainatın ilk mərhələsi,
sıx qaz buludlarının öz cazibələri altında çökməsi və nüvə
birləşməsini başlatmaq üçün kifayət qədər isti olması, nəhayət, ilk
ulduzlara çevrilməsi ilə xarakterizə olunur. Arizona
Universitetinin aspirantı Zihao Vu bildirib ki, bu qədər gənc
olmasına baxmayaraq, qalaktika artıq Yer üzündə bizə tanış olan
elementləri yaratmağa başlayıb.

Onun sözlərinə görə, kosmosun dərinliklərində uzaq erkən tarixə
nəzər salmaq üçün kosmik teleskopdan istifadə alimlərə kainatın
necə yarandığını, hətta onun sonunun necə olacağını daha yaxşı başa
düşməyə imkan verir.