Advertisement

Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir – UNESCO

Bakı. Trend:

Gender bərabərliyi sahəsində qlobal irəliləyiş yavaşlayır və
bəşəriyyətin bu istiqamətdə daha çox səylərə ehtiyacı var.

Trend xəbər verir ki, bu fikirlər UNESCO-nun Sosial və humanitar
elmlər sektorunun hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, UNESCO 2023-cü ilin dekabrında
Braziliyanın San-Paulo şəhərində keçirilən irqçilik və
ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumda mövcud vəziyyəti
qiymətləndirmək üçün ilk dəfə gender əsaslı dayanıqlığın ölçülməsi
çərçivəsi işə salınıb.

Tədbirdə cəmiyyət həyatında fəal iştirak, normal əmək haqqı,
qərarların qəbul edilməsində təmsilçilik, təhsil, elm, biznes və
təhlükəsizlik sahələrində gender fərqlərinin aradan qaldırılması
məsələləri prioritet elan edilib.

UNESCO gender bərabərliyinə mane olan stereotiplərlə bağlı
rəqəmlərə müraciət edib. Həm qadınların, həm də kişilərin üçdəbiri
zərif cinsin nümayəndələrinin daha çox gəlir əldə etməsini problem
olaraq görür. Qadınların gün ərzində kişilərə nisbətən məşğulluq
nisbəti 50 faizə yaxındır, bəzi ölkələrdə isə bu göstərici 30-40
faizədək azalır.

Dəyişiklik imkanlarını araşdırmaq üçün UNESCO “Sözlərin çəkisi”
adlı süni intellektə əsaslanan təhlili təqdim edib. Burada iş
elanlarında gender kodlu funksiyanın qadınların iştirakına və işçi
qüvvəsində yüksələn mobilliyə təsirinə işıq salınır. Bu, əmək
bazarında cinsiyyətə əsaslanan stereotiplərdən qurtulmağın həm
cəmiyyətlərə, həm də iqtisadiyyatlara müsbət nəticələr gətirəcəyini
göstərir.

Hesabatda qeyd olunub ki, qlobal miqyasda hər beş kişidən üçü
“çörək qazanan” roluna görə təzyiqə məruz qalır, cəmiyyətlər
qadınlara və qızlara qarşı ayrı-seçkiliyə davam edərək, onların
rifahına və taleyinə də mənfi təsir göstərir.

Bu il UNESCO-nun daha bir təşəbbüsü – “Video oyunlarında gender
bərabərliyi axtarışı” irəli sürülüb. Bu oyunlar gender
bərabərsizliyi və stereotiplər dünyasıdır. Belə ki, oyun
qəhrəmanlarının yalnız 5 faizi qadınlardır. Ən yaxşı 14 oyun
şirkətində rəhbər vəzifələrin yalnız 16 faizini qadınlar təşkil
edir. UNESCO video oyunları sənayesinin cəmiyyətin mentalitetini
yaxşılığa doğru dəyişməsini, o cümlədən onlayn təcavüz və
sui-istifadə ilə mübarizə potensialını araşdıracaq.