
Bakı. Trend:
ABŞ Senatı terrorizmdə şübhəli bilinən xarici ölkə
vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi və elektron
yazışmalarının oxunması proqramının uzadılmasını nəzərdə tutan
qanun layihəsini dəstəkləyib.
Trend xəbər verir ki, ABŞ-nin xarici kəşfiyyata nəzarət
qanununun 702-ci maddəsinin uzadılmasını nəzərdə tutan layihə
Konqresin yuxarı palatasında lazım olan 60 səsi toplayıb.
Sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək.
Beləliklə, fəaliyyət müddəti aprelin 20-də başa çatan proqram
2026-cı ilədək uzadılacaq.
Qeyd edək ki, xarici kəşfiyyata nəzarəti aktına 2008-ci ildə
edilən düzəliş kəşfiyyat orqanlarına məhkəmənin icazəsi olmadan
ABŞ-dən kənarda yaşayan, lakin Amerika peyk kanallarından, rabitə
mərkəzlərindən və ya internet serverlərindən istifadə edən xarici
vətəndaşların telefon danışıqlarını dinləmək və elektron
yazışmaları oxumaq hüququ verir.





























