
Bakı. Trend:
Qırğızıstanın Cəlal-Abad və Talas vilayətlərinin bir neçə
rayonunda güclü daşqın və sel səbəbindən fövqəladə vəziyyət rejimi
elan edilib.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan fövqəladə hallar
nazirinin müavini Urmatbek Şamırkanov brifinqdə bildirib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi lokal xarakter
daşıyır və yalnız daşqınlara məruz qalan ərazilərə aiddir. Təbii
fəlakətin vurduğu maddi ziyanın hesablanması mülkü müdafiə
qüvvələri tərəfindən həyata keçirilir.
Aprelin 20-dən 22-dək Qırğızıstanın cənubunda azı 30 daşqın
hadisəsi qeydə alınıb. Bu gün Cəlal-Abad və Talas vilayətlərində
güclü sel nəticəsində 200-dən çox yaşayış binasını su basıb. Bundan
əvvəl isə Oş vilayətində fövqəladə vəziyyət rejimi elan
olunmuşdu.





























