
Bakı. Trend:
Çinin magistral avtomobil yollarında 2030-cu ilə qədər demək
olar ki, hər 3 avtomobildən 1-i, ABŞ və Avropa İttifaqında isə hər
5 avtomobildən 1-i elektromobil olacaq.
Trend Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadla
xəbər verir ki, bu il dünyada satılan hər 5 avtomobildən 1-nin
elektrik avtomobili olacağı gözlənilir və növbəti onillikdə artan
tələbat qlobal avtomobil sənayesini yenidən quraraq neft
istehlakını əhəmiyyətli dərəcədə azaldacaq.
Hesabata əsasən, qlobal elektromobil satışları bu ilin sonuna
qədər 17 milyona çatacaq. Birinci rübdə satışlar ötən ilin eyni
dövrü ilə müqayisədə təxminən 25 faiz artıb. Bu ilin ilk üç ayında
dünya miqyasında satılan elektromobillərin sayı 2020-ci ildə
satılan ümumi elektromobillərin sayına bərabərdir.
Cari il Çində elektromobil satışlarının təxminən 10 milyona
yüksələcəyi proqnozlaşdırılır ki, bu da ölkədəki bütün avtomobil
satışlarının təxminən 45 faizini təşkil edir. ABŞ-da isə satılan
hər 9 avtomobildən 1-nin elektromobil olacağı proqnozlaşdırılır.
Avropada minik avtomobillərinin zəif satış proqnozlarına və bəzi
ölkələrdə subsidiyaların mərhələli şəkildə ləğv edilməsinə
baxmayaraq, elektromobillər satılan hər 4 avtomobildən 1-ni təşkil
edəcək.
Bu artım 2023-cü ilin rekord göstəricisinə əsaslanır. Ötən il
qlobal elektromobil satışları 35 faiz artaraq 14 milyona çatıb.
Tələb əsasən Çin, Avropa və ABŞ-da olsa da, Vyetnam və Tayland kimi
bəzi inkişaf etməkdə olan ölkələrin bazarlarında da artım
sürətlənərək ümumi satılan avtomobillərin müvafiq olaraq 15 faiz və
10 faizini təşkil edib.
Ölkələrin elan etdiyi enerji və iqlim öhdəlikləri tam və
vaxtında yerinə yetirilərsə, 2035-ci ilə qədər satılan hər 3
avtomobildən 2-si elektrik mühərrikli olacaq. Bu öhdəliklər
avtomobillərdən tutmuş mikroavtobuslara, yük maşınlarına,
avtobuslara, iki və üç təkərli avtomobillərə qədər sürətli tətbiq
edilərək, gündə təxminən 12 milyon barel neft ehtiyacının qarşısını
alır ki, bu da Çin və Avropadakı nəqliyyatda neftə olan cari tələbi
qarşılayır.
Hesabata görə, ictimai elektrik enerjisi doldurma məntəqələrinin
mövcudluğunu elektromobillərin satış tempinə uyğunlaşdırılması
gələcək artım üçün çox vacibdir. Qlobal miqyasda quraşdırılmış bu
məntəqələrin sayı 2022-ci ilə nisbətən 2023-cü ildə 40 faiz artıb.
Bununla belə, hökumətlər tərəfindən verilən vədlərə uyğun olaraq,
elektromobillərin sayının planlara uyğun artması üçün bu məntəqələr
2035-ci ilə qədər 6 dəfə artırılmalıdır. Eyni zamanda, enerjiyə
tələbatın elektrik şəbəkələrində həddindən artıq gərginliyə səbəb
olmaması üçün siyasi dəstək və diqqətli planlaşdırma lazımdır.





























