Advertisement

Rəsmi Moskvadan Simonyanın anti-Rusiya ritorikasına REAKSİYA

Bakı. Trend:

Ermənistan parlamentinin sədri Alen Simonyanın açıq-aşkar
anti-Rusiya ritorikasına prinsipial qiymət verilməsi xahişi ilə
Ermənistan parlamentarilərinə müraciət ünvanlanıb.

Trend xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya
XİN-in sözçüsü Mariya Zaxarova deyib.

M.Zaxarova xatırladıb ki, A.Simonyanın anti-Rusiya mövqeyi ilə
bağlı Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya
Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori
Karasin də müvafiq bəyanatlarla çıxış ediblər.

Xatırladaq ki, ötən gün Rusiya Federasiya Şurasının sədri
Valentina Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanın
Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayaraq Ermənistan
parlamentinə göndərməyi tapşırıb. V.Matviyenko bildirib ki, Avropa
İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən
Alen Simonyan Rusiya əleyhinə bəyanatlar səsləndirməklə bütün
“qırmızı xətləri” keçib.