
Bakı. Trend:
Fransa vətəndaşlarının yarıdan çoxu Prezident Emmanuel Makronun
Avropa İttifaqının fəaliyyətinə və qərarlarına real təsir göstərə
biləcəyinə şübhə ilə yanaşır.
Trend xəbər verir ki, bu barədə məlumat BFM telekanalının
apardığı sosioloji rəy sorğusunun nəticələrində öz əksini
tapıb.
Məlumata görə, sorğuda iştirak edən fransalıların 57 faizi
Emmanuel Makronun 2017-ci ildən bəri Aİ qərarlarına təsir göstərmək
üçün ciddi nüfuzunun olmadığını düşünür. Rəyi soruşulan
vətəndaşların yalnız 42 faizi əks fikirdədir. Respondentlərin qalan
hissəsi isə bu suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğunun nəticələri cümə axşamı günü Fransa dövlət
başçısının Sorbonna Universitetində Avropa İttifaqı mövzusuna həsr
olunan çıxışı fonunda dərc olunub. Aprelin 23-24-də keçirilən
sorğuda minə yaxın fransalı iştirak edib.





























