Advertisement

“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edildi

Bakı. Trend:

Rusiyada “Crocus City Hall”dakı terror aktında iştirak etməkdə
şübhəli bilinən daha bir şəxs həbs edilib.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, məhkəmə “Crocus City Hall”da terror aktı
ilə bağlı 12-ci şübhəli şəxsi – Tacikistan vətəndaşı, 21 yaşlı
Cumaxon Kurbonovu həbs edib.

Məlumata görə, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görə
həbs edilmişdi. Rusiya Federasiyasında Cumaxon Kurbonov qeyri-rəsmi
işləyib, yataqxanada yaşayıb.

Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i
terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta
qeydiyyatı haqqında maddə ilə ittiham olunur.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda
“Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı
şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra
partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi
“terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq)
həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları
Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon
Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq
təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir

İstintaq davam edir.