Advertisement

ÜST sağlamlıq təşəbbüslərinin daha sürətli həyata keçirilməsinə çağırır

Bakı. Trend:

Başladığımız təşəbbüsləri sürətləndirməsək, dünya pandemiya
zamanı olduğu kimi problemlə üzləşə bilər.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB)
Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus
panel müzakirələri zamanı deyib.

“COVID-19 ilə bağlı vəziyyət indi çox yaxşıdır. Təbii ki, bu o
demək deyil ki, virus yoxdur. Virus var, amma vəziyyət nəzarət
altındadır. Başladığımız təşəbbüsləri sürətləndirməsək, eyni
problemlə üzləşə bilərik. O cümlədən, bu ilin may ayına qədər
pandemiya ilə bağlı saziş bağlanmalıdır ki, bizim birgə işləmək
üçün məcburi razılaşmamız olsun”, – deyə o bildirib.

ÜST-nin baş direktoru qeyd edib ki, COVID-19-dan üç dərs
çıxarmaq olar.

“İlk növbədə, biz səhiyyə xidmətlərinə investisiyalarımızın
əslində zəif olduğunu gördük. Buna görə də yüksək gəlirli ölkələr
belə təəccübləndilər, çünki onların investisiyaları daha çox yüksək
texnologiyalara idi. İctimai səhiyyə və ilkin səhiyyə xidmətinə
məhəl qoyulmadı. İkinci dərs ədalətsizlikdir. COVID dünyamızın
ədalətsizliyini və bərabərsizliyini ifşa etdi.

Üçüncü dərs siyasiləşdirmədir. Xatırlayırsınızsa, milli
səviyyədə milli birlik yox idi. Siyasi partiyalar COVID-dən bir
vasitə kimi istifadə ediblər”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak
edəcəklər.