Advertisement

Ermənistan Baş Prokurorluğu Köçəryanın əmlakının müsadirə olunmasını tələb edir

Bakı. Trend:

Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Robert
Köçəryanın və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik
Tsarukyanın onlarla əmlakının və yüz milyonlarla dollar dəyərində
vəsaitinin qanunsuz yolla əldə edildiyini hesab edərək müsadirəsini
tələb edir.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan
dövlət-hüquq məsələləri üzrə parlament komissiyasının iclasında
deyib.

Belə ki, hüquq-mühafizə orqanları Köçəryan və onunla əlaqəli
şəxslərin 25 ədəd daşınmaz əmlakını və on milyonlarla dollar
dəyərində vəsaitini müsadirə etmək istəyir.

Bundan başqa, Baş prokurorluq Ermənistanın keçmiş prezidentinin
5 nəqliyyat vasitəsini və 4 milyon dollar dəyərində səhmlərini
dövlətin xeyrinə müsadirə etmək niyyətindədir.

Həmçinin, Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin
fəaliyyətində iştirakı dayandırıla bilər.

Ermənistan Baş prokurorluğu Tsarukyan və onunla əlaqəli şəxslərə
məxsus 79 ədəd daşınmaz əmlakın və 42 ədəd nəqliyyat vasitəsinin
müsadirəsini tələb edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun