
Bakı. Trend:
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının
29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında
qətnaməsində Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan
ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.
Trend xəbər verir ki, Türkiyə XİN bəyanatında Fransa Milli
Assambleyasının qəbul etdiyi qətnamənin əsassız olduğunu
vurğulayıb.
Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının qəbul
etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın
deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların
assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə
tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi
şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.
Bu qətnamə həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin
yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini
nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının
alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.





























