
Bakı. Trend:
Artıq bir neçə gündür Türkiyə ərazisində yağan leysan yağışlar
dünən axşam saatlarından etibarən xüsusilə bir neçə vilayətdə
təsirini daha da artırıb.
Trend xəbər verir ki, yağıntı səbəbindən paytaxt Ankarada metro
stansiyalarını su basıb.
Bu gün səhər saatlarında şəhərdə metro səfərləri təxirə salınıb.
Ankara ilə yanaşı, bir neçə şəhərdə yolları su basıb.
Bəzi vilayətlərdə güclü yağış nəticəsində əkin əraziləri su
altında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddi
ziyan dəydiyi bildirilir. Türkiyənin ən quraq və ən az yağışlı
bölgəsi olan Konyanın Karapınar rayonuna bir gündə kvadratmetrə 50
kiloqram yağıntı düşüb.
Ölkə ərazisində yağışlı hava şəraitinin daha bir neçə gün davam
edəcəyi proqnozlaşdırılır. Hidrometeoroloqlar bu gün Türkiyənin 34
vilayətində gözlənilən şiddətli yağışla bağlı əhaliyə xəbərdarlıq
ediblər.





























