Advertisement

Bu iki ölkə Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqlədi

Bakı. Trend:

Helsinkidə Türkiyə, İsveç və Finlandiya arasında Daimi Birgə
Mexanizmin altıncı iclası keçirilib.

Trend xəbər verir ki, bu
barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi
məlumat yayıb.

Məlumatda bildirilir ki, İsveç və Finlandiya nümayəndə heyətləri
başda PKK terror təşkilatı olmaqla Türkiyəyə qarşı təhdidlərlə
mübarizəyə hərtərəfli dəstək verəcəklərini, eyni zamanda, PYD/YPG
və FETÖ terror təşkilatlarına dəstək verməyəcəklərinə dair
öhdəliklərini bir daha təsdiqləyiblər.

Qeyd edilir ki, Daimi Birgə Mexanizm NATO-nun Madrid Zirvə
Toplantısından əvvəl Türkiyə, Finlandiya və İsveç arasında 28 iyun
2022-ci ildə imzalanmış Üçtərəfli Memorandum çərçivəsində
yaradılıb. Helsinkidə baş tutan görüş Finlandiya və İsveçin NATO-ya
üzvlüyünə qəbulundan sonra mexanizm üzrə ilk iclasıdır.