
Tbilisi. Trend:
AİB ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün iddialı
addımlar atmağa kömək etməyə davam etməlidir.
Trend-in bazar günü verdiyi məlumata görə, bu barədə Özbəkistan
baş nazirinin müavini Cəmşid Xocayev AİB-in Tbilisidə keçirilən
illik toplantısı ilə bağlı açıqlamasında bildirib.
“Biz AİB-ni icmaların ehtiyaclarına diqqət yetirərək insan
kapitalına investisiyaların dəstəklənməsi üçün səyləri
gücləndirməyə çağırırıq.
Biz inanırıq ki, AİB Paris Sazişinin məqsədlərinə çatmaq üçün
qabaqcıl və iqlimə davamlı yanaşmalara sərmayə qoyaraq, ölkələrə
iddialı iqlim tədbirləri görməyə və ətraf mühitin davamlılığına
nail olmağa kömək etmək üçün səylərini davam etdirməlidir”, – deyə
o bildirib.
Xocayev həmçinin AİB-i tərəfdaş ölkələrə keçmiş, indiki və
gələcək sarsıntılara tab gətirməkdə kömək etmək üçün iqtisadi və
maliyyə dayanıqlığını gücləndirməyə çağırır.
Onun sözlərinə görə, Özbəkistan AİB-in keyfiyyətli
infrastruktura davamlı dəstəyini alqışlayır.
“Əsas rəqəmsal infrastruktura daha ədalətli çıxışın
dəstəklənməsi bu səylərin mühüm elementi olacaq. Özbəkistan
xalqımız üçün daha yaxşı gələcək qurmaq üçün AİB və onun üzvləri
ilə sıx əməkdaşlıq etməyə sadiqdir”, – deyə Xocayev bildirib.
Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.





























