Advertisement

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Bakı. Trend:

ABŞ-nin “SpaceX” kompaniyası Beynəlxalq Kosmik Stansiyaya (BKS),
Aya, Marsa və Yerətrafı orbitə uçuşlar sifariş etmək üçün
müraciətlərin qəbuluna başlayıb. Müraciətlər kompaniyanın saytında
qəbul olunur.


Trend
xəbər verir ki, uçuşlar iki kosmik gəmi “Dragon” və
“Starship” vasitəsi ilə həyata keçiriləcək. “Dragon” kapsulu
Yerətrafı orbitə yeddi sərnişini çıxarmaq üçün nəzərdə tutulub.
Kompaniyanın ən uğurlu layihələrindən biri hesab olunan “Dragon”
ümumilikdə 46 dəfə fəzaya buraxılıb və 42 dəfə Beynəlxalq Kosmik
Stansiyaya uçub.

Təkrar istifadə edilə bilən “Starship” isə çox sayda sərnişini
və yükü Yerətrafı orbitə, Aya və Marsa göndərmək üçün nəzərdə
tutulur. Kosmik gəmi hazırda sınaq mərhələsindədir və kosmosa cəmi
üç uçuş həyata keçirib.

“SpaceX” kompaniyasının məlumatına görə, uçuş proqramının ilk
təyinat nöqtəsi 2024-cü ilin sonuna planlaşdırılan Yerətrafı orbit
olmalıdır. İki nəfərdən dörd nəfərədək sərnişinlə üç, yaxud altı
gün davam edəcək səyahət Yerdən 290-480 kilometr məsafədə baş
tutacaq. Növbəti planlaşdırılan missiya 2025-ci ildə BKS-yə olacaq.
On günlük səfər dörd sərnişinlə həyata keçiriləcək.

Aya missiyanın vaxtı isə hələ müəyyən edilməyib. Səfərin 12
turistlə 7 gün davam edəcəyi və səyahətin təxminən 385 min kilometr
məsafəyə uzanacağı gözlənilir. Marsa kommersiya uçuşları haqqında
məhdud məlumat olsa da, səyahətin sifarişi üçün konkret tarix
yoxdur. Baş tutacağı təqdirdə sərnişinləri orta hesabla 225 milyon
kilometrlik səyahət gözləyir.

Kosmik turların qiyməti hələ ki, məlum deyil, lakin “SpaceX”
2022-ci ilin aprelində “Falcon 9” raketi ilə “Crew Dragon
Endeavour” kapsulunda BKS-yə səfərlər üçün bir biletin qiymətini 55
milyon dollar müəyyən etmişdi.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun