Bakı. Trend:
“Global Finance” agentliyi dünyanın ən varlı və yoxsul
ölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşən
ÜDM-nin həcminə görə tərtib olunub.
Trend agentliyin saytına istinadla xəbər verir ki, reytinq
cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq
başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383
dollardır. İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya,
Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ
tutublar.
Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi göstərilən
Cənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) 2011-ci
ildən bəri zorakılıqla üzləşib. Sosial parçalanmalar,
bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da
pisləşdirib. Bu il Cənubi Sudan əhalisinin 60 faizindən çoxunun – 9
milyona yaxın insanın humanitar yardıma ehtiyacı olacaq.
Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasında
ikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ci
illərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib. Üçüncü
yerdə Mərkəzi Afrika Respublikasıdır. Belə görünür ki, qızıl, neft,
uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar
yaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer
alıb.
Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo Demokratik
Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və
Yəmən də daxildir.





























