Advertisement

Esenboğa Hava Limanında “Məkkə Yolu” layihəsinin açılışı olub

Bakı. Trend:

Türkiyənin Esenboğa Hava Limanında Məkkəyə gedən zəvvarların
Səudiyyə Ərəbistanındakı hava limanlarında prosedurlardan keçmədən
otellərinə çatmasına imkan verən “Məkkə Yolu” layihəsinin açılışı
olub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, layihə
çərçivəsində zəvvar olmaq istəyənlər Səudiyyə Ərəbistanına
getməzdən əvvəl Esenboğa Hava Limanında onlar üçün ayrılmış xüsusi
sahədə bütün əməliyyatlarını tamamlaya bilirlər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının zəvvarların müqəddəs
torpaqlara səyahətini asanlaşdırmaq üçün 2018-ci ildə Malayziya və
İndoneziyada başlatdığı “Məkkə Yolu” layihəsi sonrakı illərdə
Pakistan, Mərakeş və Banqladeşdə həyata keçirilib.

Layihəyə 30 may 2023-cü ildə Dini İşlər Başçısı Prof. Dr. Əli
Erbaşın da qatıldığı mərasimlə İstanbul hava limanında da həyata
keçirilib.