Bakı. Trend:
İran və Hindistan arasında Çabahar limanının birgə istismarına
dair saziş ABŞ-nin sanksiyalarına məruz qala bilər.
Trend xəbər
verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin
birinci müavini Vedant Patel brifinqdə jurnalistlərə deyib.
“Hindistan və İran arasında Çabahar limanı ilə bağlı 10 illik
sazişin imzalandığından xəbərimiz var. ABŞ-nin İrana qarşı
sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam
edəcəyik”, – o deyib.
Patel İranla işgüzar sazişlər imzalayan hər kəsin sanksiya
riskini gözə almalı olduğunu qeyd edib.
“İranla işgüzar sazişlər imzalamağı nəzərdən keçirən hər kəs
məruz qaldığı potensial riski, eləcə də potensial sanksiyalar
riskini dərk etməlidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, mayın 13-də İran və Hindistan Çabahar limanında
Şəhid Beheşti terminalının müasirləşdirilməsi və istismarına dair
uzunmüddətli saziş imzalayıb.





























